Şahin Ağabəyli

Bundan sonra isə “odlu müharibə”dən qaçmaq çətin olacaq
 
Beynəlxalq Böhran Qrupu Azərbaycandakı siyasi durumu “ZƏİF SABİTLİK” olaraq dəyərləndirib. Hesabatda bildirilir ki, əgər Azərbaycan iqtisadi və siyasi islahatların zəruriliyinə əhəmiyyət verməməkdə davam edərsə, enerji ehtiyatlarından daha sabit sistem və varlı dövlət qurmaq fürsətini əldən verəcək. Sənəddə neft pullarının islahatlara necə daha müqavimətli, süst bir siyasi sisitemə gətirib çıxarmasını araşdırıb:
 
“Neft gəlirləri qarşıdakı bir neçə ildə tədricən azalmağa doğru gedəcək. Bu da iqtisadi problemlərə və ictimai narazılıqlara səbəb ola bilər. Ona görə problemləri həll etməyin vaxtı indidir. Bunun əvəzinə hazırkı siyasi sistem uzunmüddətli məqsədlərin debatlarda müzakirəsinə imkan vermir. Bu da laqeydliyə və inamsızlığa gətirib çıxarır”.
 
Beynəlxalq Böhran Qrupu hesabatı təqdim etməklə yanaşı, bəzi tövsiyyələr də verir: “Azərbaycan hökuməti öz vətəndaşlarının sərbəst toplaşma azadlığına imkan verməli, siyasi müxalifətlə real debatlara qoşulmalı və siyasi məhbusları azad etməlidir. Sabitlik və firavanlığa nail olmaq üçün şəffaflığa və cavabdehliyə alışmaq, davamlı və müxtəlif istiqamətli bazar iqtisadiyyatı, əsaslı iqtisadiyyat qurulmalıdır. Beynəlxalq ictimaiyyət ölkə rəhbərliyini inandırmalıdır ki, həqiqi liberallaşma onların öz maraqlarına uyğundur. İnsan haqlarını daim gündəlikdə saxlamalı, beynəlxalq ictimaiyyət 2010-cu ilin parlament seçkilərini yaxından izləməlidir”.
 
Maraqlıdır ki, Beynəlxalq Böhran Qrupu baş verən anormallığı iqtisadi amillərlə əlaqələndirsə də, siyasi islahatların həyata keçirilməsi zərurətini ortaya qoyur. Əslində, Beynəlxalq Böhran Qrupunun təqdim etdiyi hesabat siyasi araşdırma mərkəzlərinin və ABŞ Dövlət Departamentinə bağlı fondların təqdim etdiyi planın tərkib hissəsi kimi görünür. Çünki əksər cəmiyyət üçün yarıaçıq olan fondlar dəfələrlə Azərbaycanda demokratik cəmiyyətin formalaşması üçün hakimiyyətə vaxt verilməsini istəmişdilər.
 
Qeyd edək ki, Barak Obama hakimiyyətə gələndən sonra bildirmişdi ki, demokratik prinsiplər iqtisadi maraqlardan önə çıxacaq. Məhz bu çağrışdan sonra Azərbaycan-ABŞ münasibətləri gərginləşdi və ABŞ Dövlət Departamentinin sözçüsü bəyan etdi ki, Azərbaycan parlament seçkilərinə hazırlaşır və ABŞ-ın bununla bağlı yeni proqramı var. Əksəriyyət onda belə düşünürdü ki, ABŞ Azərbaycana təzyiqləri artıracaq və parlament seçkilərində müxalifət yetəri qədər güc toplaya biləcək. Əslində, bununla da məxməri inqilaba hazırlıq prosesi getməliydi. Amma növbəti məqamlarda ABŞ Azərbaycanda seçki prosesinin demokratik keçməsinə diqqətini azaltdı.Əksəriyyət hesab etdi ki, bununla da ABŞ-la Azərbaycan arasında gizli razılaşma əldə olunub. Amma reallıq bu idi ki, əksər ABŞ fondları Obama hakimiyyətindən səbrli olmağı istəyirdilər. Bunun səbəbi isə sırf iqtisadi amillərlə bağlı idi.
 
İqtisadi inflyasiyanın fəsadları hər yerdə olduğu kimi, Azərbaycanda da hiss olunur və demək olar ki, hakimiyyət saxladığı vəsaitin böyük bir hissəsini itirdi. Əksər iqtisadi ekspertlər hesab edir ki, neftdən gələn gəlirlərin dağınıq saxlanılması və xərçlənməsi sübut edir ki, bu gəlir azalan anda vəsaitdən istifadə də mürəkkəbləşəcək. Görünür, bu səbəbdən iqtisadçılar 2015-2018-ci illəri Azərbaycan üçün eniş mərhələsi hesab edirlər. Bu real olarsa, deməli, Böhran Qrupunun hesabatı da təsdiqini tapacaq.
 
Ümumiyyətlə, bu qrupun Azərbaycanla bağlı yaydığı hesabatlarda həmişə ölkə daxili siyasi proseslər ciddi şəkildə nəzərə alınır və son hesabatda bu xarakterlidir. Bundan başqa qrupun son 3 ildəki hesabatları, əslində proqnoz xarakterlidir və güman etmək olar ki, proqnozların böyük bir qismi öz təsdiqini tapacaq.
 
Gəlin həmin hesabatla paralel olaraq, ötən ilki proqnoza da diqqət ayıraq. Həmin proqnozda bildirilirdi ki, hakimiyyət daxilində mərkəzdən qaçma prosesi başlayır və mərkəzdən qaçan qruplaşmaların hər birinin ayrılıqda silahlı dəstəyə sahib olmaları real təhlükə deməkdir. İndi isə bəzi məqamları da nəzərə almaqla Beynəlxalq Böhran Qurupunun 2015-ci il üçün Azərbaycanla bağlı hazırladığı hesabat-proqnozların yaratdığı mənzərəyə baxaq.
 
Təxminən belə bir mənzərə yaranır: Neft gəlirləri kifayət qədər azalır. Büdcə kəsirləri artır. Şişirdilmiş büdcə xərcləri reallıqla uyğun gəlmir. Hakimiyyət daxildəki qrupların maliyyə imkanlarını ələ keçirməyə çalışır və əkstəsirlə üzləşir. Hakimiyyətdaxili qruplaşmaların maliyyə uğrunda savaşı genişlənir və mərkəzdən qaçma prosesi baş verir. Cəmiyyətin sosial durumu dəhşətli duruma düşür. Sosial partlayışın siyasi etirazla əvəzlənməsi hazırlığı görülür. Ölkədə avtoritar həvəs tam imkanı ilə artır. Siyasi sabitlikdən artıq danışmaq mümkün deyil. Real müxalifət ciddi imkanlar qazanır. Bununla paralel, ölkədə hərbi-müxalifətin yaranması prosesi ortaya çıxır ki, bu işdə də dini qrupların imkanlarından yararlanırlar. Belə bir məqamda isə beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artır.
 
Bəli, hesabat-proqnozların yaratdığı mənzərə belə olacaq. Bir sıra ekspertlər hesab edir ki, ABŞ-ın bu il Azərbaycanla bağlı hazırladığı və elan etdiyi, amma sonra dayandırdığı proqramda, məhz 2015-2018-ci ildə hərəkətə gətiriləcək. Görünür, Azərbaycan hakimiyyəti də bunu gözəl bilir və maksimum dərəcədə çalışır ki, enerji daşınması və satqısında Qərb və ABŞ təsirindən azad olsun ki, neft gəlirlərinin azaldığı və siyasi sabitliyin pozulduğu bir zamanda siyasi müavizinətini ən azı Rusiya vasitəsi ilə qorusun.
 
Ekspertlər də hesab edir ki, Azərbaycan hakimiyyəti məhz bu səbəbdən bir sıra strateji problemləri zamanında həll etməyə çalışır. O cümlədən, Qarabağ probleminidə. Amma qarşı tərəfin son iki ildə tutduğu mövqe sübut edir ki, Azərbaycan problemləri həll etməyə zaman tapa bilməyəcək və ortada olan problemlər daha qlobal şəkil alacaq. Ən azı bunu demək üçün əlimizdə yetəri qədər faktlar var və Beynəlxlaq Böhran Qrupunun yaydığı hesabatda bunu təsdiqləyir.
 
Beynəlxalq Böhran Qrupunun hesabatı həm də o baxımdan maraqlıdır ki, bu hesabat Azərbaycana qarşı basqıların əsasını yaradacaq. Güman etmək olar ki, Azərbaycanla bağlı o qədər də xoş olmayan bu hesabatın davamı olaraq, digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı təzyiq dilində hesabatları təqdim edəcəklər. Ən azı 2015-ci ilə qədər beynəlxalq təşkilatlarla Azərbaycan arasında "soyuq müharibə"nin başlandığını proqnozlaşdırmaq olar. Deməli, 5 illik "soyuq müharibə"dən sonra Azərbaycan, həm də "qaynar müharibə"nin meydanına çevrilməyə doğru addımlayır. Nəticəni isə özünüz çıxarın...


Bu blogdaki popüler yayınlar

Türkiyədə həbsdə olan FƏTÖ-çunun oğlu Göyçayda zavod işlədir: tükürpədici faktlar/Foto

Qüdrət Qurbanov Bəylər Əyyubovu niyə hədəfə gətirmək istəyir?

İlhamsancmalar